Bu şəxslər məcburi narkoloji müayinədən keçiriləcək
Həqiqi hərbi xidmətə və kadr-zabit heyətinə könüllü daxil olan şəxslərin icbari narkoloji müayinədən keçməsi nəzərdə tutulur.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Narkoloji xidmət və nəzarət haqqında” və "Hərbi qulluqçuların statusu haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, "Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və "Hərbi qulluqçuların statusu haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində dəyişikliklər, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.