qanun.info.az
qanun.info.az

Bu gün tarix yazan lider Prezident İlham Əliyevin ad günüdür

Bu gün tarix yazan lider Prezident İlham Əliyevin ad günüdür
24-12-2020, 07:15 39 dəfə baxılıb

24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib.

Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.

Prezident seçkilərindən bir il sonra (2019-cu ilin aprelində) Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərdi ki, əhalinin 85 faizdən çoxu İlham Əliyevin rəhbərliyi altında aparılan işləri dəstəkləyir.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı daha bir rəy sorğusu noyabrda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilib. Sorğunun nəticələri göstərib ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir.

Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Prezidentin oktyabrın 3-də "Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırıb. Ümumiyyətlə, respondentlərin 84,9 faizi Prezidentin "Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin fəaliyyətinin bariz göstəricilərindən biri Dünya Bankının "Doing Business 2020” hesabatıdır. Bu hesabata əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkə hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda islahatlar daha dərin xarakter daşıyıb. Dövlət idarəçiliyi sistemində köklü islahatlar və kadr dəyişiklikləri aparılıb ki, bu da Azərbaycanın uğurlu ölkə kimi gələcək inkişafını təmin edəcək. Bunların ardınca beşinci çağırış Milli Məclis buraxıldı və yeni parlament seçkiləri təyin edildi.

"U.S.News” jurnalının tərtib etdiyi ən güclü ölkələr reytinqində Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb.

İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədi ilə icra edilən dövlət siyasətinin davam olaraq növbəti sosial paketi təsdiqləyib. Reallaşdırılan iri sosial paket 4,2 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərdi. Minimum əmək haqqı iki dəfə, minimum pensiya 70 faiz artıb. Məcburi köçkünlər üçün müavinətlərdə də mühüm artım qeydə alınıb.

2019-cu il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru ilə əlamətdar oldu. Oktyabrın 25-26-da Bakıda üzv-dövlətlərin sayına görə BMT-dən sonra ikinci ən iri təşkilat olan Qoşulmama Hərəkatının XVIII Sammiti keçirildi. Bu qurumda sədrlik 2019-2022-ci illər üçün Azərbaycana keçdi.

2019-cu il noyabrın 14-də isə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Bu, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında vacib rol oynadığını və oynamaqda davam edəcəyini təsdiqləyir.

2019-cu il, həmçinin noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin vacib elementi olan, layihəni Avropa ilə birləşdirəcək TANAP boru kəmərinin bir hissəsinin açılışı ilə əlamətdar oldu. Bu hadisə möhtəşəm "Cənub Qaz Dəhlizi" layihəsinin uğurunun təcəssümü və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin inamlı qələbəsi idi. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması Azərbaycanın enerji siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xaric tərəfdaşların etimadını göstərir. Məhz Bakı Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək üsulunu təklif edib.

2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.

Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı cənginə almış COVİD-19 bəlası ilə səmərəli mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət başçısı insanların sağlamlğını və xalqın rifahını əsas götürərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA