qanun.info.az
qanun.info.az

Ramin Hacılı partiya mənsubiyyəti olmayanlara AXCP üzvlüyü barədə saxta arayışlar satıb - Məhkəmə

Ramin Hacılı partiya mənsubiyyəti olmayanlara AXCP üzvlüyü barədə saxta arayışlar satıb - Məhkəmə
6-07-2022, 15:48 48 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Racif Əsgərli bildirib ki, 2017-ci ildə Ramin Hacılının yanında işləyib.

"Ramin Hacılının ofisində sənədləri tərcümə edirdim, tərcüməçi kimi işləyirdim. İngilis dili biliyim yaxşı olduğuna görə xaricdə təhsil almaq istəyirdim. Buna görə də Ramindən mənə köməklik göstərməsini xahiş etdim. Amma mən Raminə pul verməmişəm", - şahid bildirib.

Şahid Elnur Qəmbərov deyib ki, Almaniyaya getmək üçün Ramin Hacılıya sənədlərin hazırlanmasına görə 4500 manat pul verib. Hazırlanmış sənədlər arasında da AXCP üzvü olması haqda arayış olub: "Əslində, heç bir partiyanın üzvü deyiləm. Övladım xəstə olduğu üçün nə yolla olursa-olsun, Almaniyaya getmək məcburiyyətində qalmışdım. Ona görə də məcburiyyət qarşısında Ramin Hacılıya müraciət edim. Almaniyaya gedib qayıtdım".

Digər şahid Nazim Osmanov da ifadəsində deyib ki, kürəkəni Anar Abdullayev də Ramin Hacılının vasitəsilə xarici ölkəyə gedib: "Onun üçün hazırlanan sənədlərin də içində AXCP arayışı vardı. Əslində, kürəkənim heç bir partiyanın üzvü deyil. O, sənədlərinin hazırlanması üçün hər şey daxil, 6 min manat vermişdi”.

Ramin Hacılı isə AXCP adından saxta sənəd hazırlanıb, müxtəlif şəxslərə verilməsi haqda ittihamları qəbul etməyib. Bildirib ki, guya bu sənədlər ondan xəbərsiz hazırlanıb.
"O arayışları mən verməmişəm, ofisdən alınıbsa da, mənim xəbərim yoxdur. Bizə verilən pulun qarşılığında səfirliyə təqdim edilən sənədlər hazırlanırdı. Viza üçün səfirliyə təqdim olunan sənədlərdə partiya məktubu olmur. Hər şey ortaya çıxacaq, məlum olacaq ki, mən həbsdə olanda işçilərim nələr eləyib”, - R.Hacılı deyib.

Vəkil Rəşad Əliyev Ramin Hacılının səhhətinin pis olduğu üçün onun tibbi ekspertizadan keçirilməsini istəyib: "Ramin Hacılının onkoloji xəstəliyə tutulmasından şübhələnirik. Bu adam iki ay ərzində 30 kiloqram çəki itirib”.

Məhkəmə vəstəti rədd edib.

Araşdırmalar iyulun 13-də davam edəcək.

İttihama görə, "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA