qanun.info.az
qanun.info.az

Mətbəxin girişində meyiti gördüm - Gecə klubundakı partlayışla bağlı məhkəmə

Mətbəxin girişində meyiti gördüm - Gecə klubundakı partlayışla bağlı məhkəmə
13-09-2022, 10:44 19 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtdakı "Location” gecə klubunda baş verən partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Xətai Əlizadə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı kimi həmin gün "Location" gecə klubunda yanğının söndürülməsinə cəlb olunub:

"Biz hadisə yerinə çatanda içəridə yaralanan və ölən var idi. Qaz balonlarını mətbəxdə görməmişəm. Mətbəxin girişində meyiti gördüm. Ən çox dağıntı mətbəxdə və zalla mətbəxin arasındakı yerdə idi".

Şahid qismində ifadə verən İsrail Yusubov "Merser food" MMC-nin təsisçisi olduğunu deyib. Onun sözlərinə görə o təqsirləndirilən şəxs Orxan Səfərli ilə dost olub.

 

"Biz "Merser food” MMC-ni təsis edəndə məqsədimiz restoranlar şəbəkəsi yaratmaq idi. Ayxan adlı şəxslə şərikliyimiz var idi. Səhmlərin 70 faiz mənə, 30 faiz isə Ayxana məxsus idi. Orxan Səfərli ilə 2009-cu ildən möhkəm dostluğumuz var. "The Place" adlı çay evimiz var idi. Pandemiyadan sonra işlərimiz zəiflədi. Bizə bir obyekt təklif etdilər. Mən Orxan və Elşənlə birgə getdik həmin yerə baxdıq. Normal qiymətə biznesə verirdilər. Elşənin rəhbərliyi altında obyekti götürdük. Mən bir yatırımçı olduğuma görə obyektin təhlükəsizliyindən xəbərim yox idi. Orxan ibadət əhli olduğuna görə mənə demişdi ki, ordan gələn pay qardaşı Elşənə çatsın. Mən Rəsulu tanımıram və internetdən eşitmişəm ki o "Location" kluba rəhbərlik edir".

Məhkəmənin növbəti iclası sentyabrın 14-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.

 

 

Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA