Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb. Belə ki, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.